Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri elan olunub

Line Spacing+- AFont Size+- Çap
21.08.2017

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri avqustun 21-də elan olunub.

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 14875 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  621 nəfər (o cümlədən 14 nəfər dövlət sifarişi əsasında*), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7806 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaqdır.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

*Dövlət sifarişi əsasında 1 nəfər Dinşünaslıq ixtisası üzrə “Naxçıvan” Universitetinə, 3 nəfər Aqronomluq ixtisası üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə, 5 nəfər Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına, Baytarlıq ixtisası üzrə isə 3 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Azərbaycan Dövlət Aqrar Universitetinə (rus bölməsi), 1 nəfər Lənkəran Dövlət Universitetinə qəbul olub.