DİM Direktorlar Şurasının növbəti iclası keçirildi

Line Spacing+- AFont Size+- Çap
26.05.2016

25 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilmişdir. İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov və Niyazi Hacıyev iştirak etmişlər (Şuranın üzvü Fariz İsmayılzadə xarici ezamiyyədə olduğuna görə iclasda iştirak etməmişdir).

İclas zamanı ilk iclasda müzakirə olunmuş məsələlərin icra vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi aparılmışdır. O cümlədən, Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinin layihəsi nümayiş etdirilmiş, layihəyə dair ümumi rəy müsbət olmuş, saytın yaxın günlərdə istifadəyə verilməsi, səhifədə hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin yerləşdirilməsi qərara alınmışdır.

İclasda Şura üzvlərinə rəy və təkliflərini təqdim etmək üçün DİM-in strukturunun layihəsi təqdim olunmuşdur.

Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov dövlət qulluğuna qəbul sahəsində son 1 ay ərzində görülən işlər barədə hesabat təqdim etmiş, hesabatda ehtiyat kadrlar, müsabiqədən və müsahibədən keçərək vəzifəyə layiq görülmüş namizədlərin dövlət orqanları tərəfindən vəzifəyə təyin edilməməsi məsələlərinə toxunulmuş, məsələ ətrafında  fikir mübadiləsi aparılmışdır.

Sonra Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyələrinə qəbul kampaniyasının indiki mərhələsində aktual olan məsələlər barədə məruzə təqdim etmiş, məruzədə tələbə qəbulu planları, magistraturaya qəbul imtahanının I mərhələsindən sonra proqramlar üzrə yaranmış müsabiqə vəziyyəti, Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqənin müsbət və mənfi nəticələri, sınaq imtahanlarının və əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə dair ilkin statistik təhlil, sınaq imtahanlarının iştirakçılarının tərkibi və ümumi nəticələrin proqnozlaşdırılması barədə ətraflı məlumat verilmişdir. Toxunulan məsələlər ətrafında müzakirələr aparılmış, Şura üzvləri öz təkliflərini irəli sürmüşlər.