DİM Direktorlar Şurasının növbəti iclası keçirildi.

Line Spacing+- AFont Size+- Çap
01.07.2016

30 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilmişdir. İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak etmişlər (Şuranın üzvü Kamil Aydazadə xarici ezamiyyədə olduğuna görə iclasda iştirak etməmişdir).

İclas zamanı TQDK-nın və DQMK-nın həyata keçirdiyi işlər barədə hesabatlar dinlənilmiş, fikir mübadiləsi aparılmış  və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirilmiş imtahanlar barədə məlumat vermiş, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılmış müsabiqənin ilkin nəticələrini təqdim etmişdir. Qeyd olunmuşdur ki, ötən ilki nəticələrə əsaslanaraq TQDK Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqə aparılmasını təklif etsə də, bəzi ali təhsil müəssisələrinin planında müsabiqənin ayrı aparılması göstərilmişdir. TQDK öz təklifini onunla əsaslandırmışdır ki, Azərbaycan və rus bölmələrinin kontingentlərinin saylarında kəskin fərq olduğuna görə müsabiqə ayrı aparıldıqda keçid balları arasında da kəskin fərq yaranır. Təhsil nazirinin müavini C.Bayramov vurğulamışdır ki, ali təhsil müəssisələri bu kimi məsələlərin həllində sərbəstdirlər, müsabiqənin birgə aparılması tədrisin təşkilində çətinliklərin yaranmasına (rus bölməsində qrupların komplektləşdirilməməsinə) səbəb olduğundan onlar müsabiqənin ayrı aparılmasına üstünlük verirlər. Müzakirələr nəticəsində qərara alınmışdır ki, növbəti il plan tərtib olunarkən birgə təhlillər aparılsın.

M.Abbaszadənin məruzəsində toxunduğu növbəti məsələ ali və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət komissiyaları üzrə qeydiyyatdan keçənlərin sayı ilə bağlı olmuşdur. Belə ki, qeydiyyatların sayının çox olması qabiliyyət imtahanlarını keçirən ali təhsil müəssisələrini, xüsusilə Rəssamlıq Akademiyasının rəhbərliyinin ciddi narazılığına səbəb olmuşdur. Lakin üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarından sonra müsabiqə şərtlərini ödəyərək qabiliyyət imtahanlarına buraxılanların sayı xeyli azalmış, dördüncü istiqamət və əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanlardan sonra da bu rəqəm bir qədər azalacaq. Odur ki, ötən ilki təcrübəni nəzərə alan və abituriyentlərin sərbəst seçiminə imkan yaradan TQDK bildirir ki, qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur.

Sonra sədr üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarının ilkin nəticələrini təqdim etmiş, ötən illə müqayisədə nəticələri yaxşılaşmış rayonlar xüsusi qeyd olunmuşdur. Təhsil nazirinin müavini C.Bayramov öz növbəsində qeyd etmişdir ki, nazirliyin həyata keçirdiyi layihə çərçivəsində nəticələri zəif olan bir neçə rayonda xüsusi tədbirlər görülmüş, şagirdlər əlavə məşğələlərə cəlb olunmuşlar. İclas iştirakçıları belə qənaətə gəlmişlər ki, yalnız səylər birləşdirildikdə müsbət nəticələr əldə etmək mümkündür. Belə ki, bir tərəfdən TQDK tərəfindən buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə və V qrup üzrə ali məktəblərə qəbul olmaq imkanının yaradılması, digər tərəfdən Təhsil nazirliyinin həyata keçirdiyi tədbirlərin sayəsində buraxılış imtahanlarının nəticələrinin yaxşılaşması müşahidə olunur.

Bununla yanaşı, sədr buraxılış imtahanlarında imtahan protokollarına əsasən yazma-oxuma bacarığı olmayan şagirdlər haqqında məlumatı da təqdim edərək göstərdi ki, bütün aidiyyəti qurumlar əlindən gələni etməlidirlər ki, müstəqil Azərbaycanda hazırkı dövrdə belə hallara rast gəlinməsin. Təəssüf ki, bu hallar barədə 2012-ci ilədək heç vaxt məsələ qaldırılmamış, onlar ilk dəfə TQDK tərəfindən buraxılış imtahanları keçirilməyə başladıqda üzə çıxmışdır. C.Bayramov qeyd etdi ki, rəsmi statistikaya əsasən Azərbaycanda savadlılıq 99.8% təşkil edir, yəni əhalinin 0.2% savadsızdır. Bu, dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qlobal yanaşmada belə şagirdlərin mövcudluğu o qədər də böyük problem deyil. Bununla yanaşı, nazirlik müvafiq təhsil şöbələrinə gələcəkdə belə hallara rast gəlinməməsi məqsədilə həmin şagirdlərlə xüsusi məşğul olmağı tapşırmışdır.

Müzakirə olunan hər bir məsələyə dair müzakirələr aparılmış, iclas iştirakçılarının fikir və təklifləri dinlənilmişdir.