AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

DİM Direktorlar Şurasının növbəti iclası keçirildi.

Line Spacing+- AFont Size+- Çap
10.08.2016

04 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilmişdir. İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev, Kamil Aydazadə və DİM-in İcraçı direktoru Vəfadar Misirov iştirak etmişlər (Şuranın üzvü Fariz İsmayılzadə xarici  ezamiyyədə olduğuna görə iclasda iştirak etməmişdir).

İclasın gündəliyi əsas etibarilə DQMK-nın həyata keçirdiyi işlər barədə hesabatın dinlənməsindən ibarət idi. DİM Direkorlar Şurasının sədr müavini B.Xəlilov bu haqda geniş məruzə ilə çıxış etmişdir. B.Xəlilov çıxış edərək bildirmişdir ki, Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə 9 fevral, 11 və 18 mart 2016-cı il tarixində elan edilmiş müsabiqə 17 iyul 2016-cı il tarixdə başa çatmışdır.

Müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsi çıxarılmış və bu vəzifələrin tutulması üçün 7332 vətəndaş Komissiyada namizəd kimi qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş namizədlərin 4603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılmışdır. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953 nəfəri bu hüquqdan istifadə etmiş və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinmişdir.

B.Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini göstərmişdir. Namizədlər asanlıqla on-line rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur. Bu sahədə digər problem onunla bağlıdır ki, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbəri namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmir. Düzdür, belə hallara getdikcə az rast gəlinir. Söylənilən problemlərin aradan qaldırılması istiqamətində Şura üzvləri öz təkliflərini irəli sürmüşlər.

 Sonra iclas iştirakçıları dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmunu barədə fikir mübadiləsi aparmış, qeyd olunmuşdur ki, tələblər əmək bazarına uyğun müəyyən olunmalıdır. Həmçinin müzakirələr zamanı dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması məsələsinə də toxunulmuşdur.

Sonra DİM Direktorlar Şurasının sədri M.Abbaszadə tələbə qəbulu ilə bağlı həyata keçirilmiş imtahanlar barədə qısa məlumat verərək qeyd etmişdir ki, Komissiyanın bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür. Bu isə TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır. M.Abbaszadə məruzəsində eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də məlumat təqdim edərək bildirmişdir ki, qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır. Bu istiqamətdə problemin aradan qaldırılması üçün iclas iştirakçıları arasında fikir mübadiləsi aparılmışdır.