2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair Naxçıvan şəhərində keçirilən seminar

Line Spacing+- AFont Size+- Çap
14.11.2016
12 noyabr 2016-cı il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzi Naxçıvan Dövlət Texniki Kollecində 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair seminar keçirib.

Müzakirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları, tam orta və ali məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak ediblər.

Seminar komissiyanın YouTube-dakı kanalı vasitəsilə canlı yayımlanıb.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair məruzə ilə çıxış edərək bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.

 

Daha sonra müzakirələr Azərbaycan dili və riyaziyyat fənləri üzrə davam etdirilib.

Bakı Dövlət Universitetinin nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov Azərbaycan dili fənni üzrə buraxılış imtahanı proqramı haqqında məlumat vermiş, test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.

Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev riyaziyyat fənni üzrə buraxılış imtahanı proqramı haqqında məlumat verib, Gənc istedadlar liseyinin müəllimi Aqşin Abdullayev isə test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.

Çıxışlar ətrafında müzakirələr aparılıb. Müzakirədə Naxçıvandan 6 nömrəli tam orta məktəbin müəllimi Qiymət Həsənova, 14 nömrəli tam orta məktəbin müəllimi İlahə Əliyeva, Kəngərlidən Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Famil Süleymanov, Babəkdən Nehrəm kənd 2 nömrəli tam orta məktəbinin müəllimi Lamiyə Hacıyeva, Şahbuzdan Yuxarı Qışlaq kənd tam orta məktəbinin müəllimi Çərkəz Fətəliyev, Şərurdan RTŞ-nin əməkdaşı Etibar Quliyev gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər və təkliflər verdilər. 


  

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə sualları cavablandırıb.