Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilmişdir.

Line Spacing+- AFont Size+- Çap
30.11.2016

İclasın gündəliyi aşağıdakı məsələlərdən ibarət olmuşdur: DİM saytının strukturunun müzakirəsi, “Abituriyent” jurnalının xüsusi buraxılışının təqdim edilməsi, ləğvetmə komissiyasının iş planı və digər cari məsələlər.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in saytı barədə danışaraq qeyd etmişdir ki, onun strukturu TQDK-nın və DQMK-nın saytlarının strukturundan fərqli qurularaq, onun geniş istifadəçi auditoriyası üçün (məktəblidən başlayaraq dövlət qulluğuna işə qəbul olmaq istəyən namizədə qədər) nəzərdə tutulmuşdur. Sayt TQDK-nın mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır.

Növbəti məsələyə toxunaraq, sədr “Abituriyent” jurnalının təzəlikcə işıq üzü gördüyü xüsusi buraxılışının ümumi (9-illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modelinə həsr olunduğunu qeyd etdi. Bildirildi ki, əhalinin xüsusi marağına səbəb olan yeni qaydalar hüquqi prosedurlardan keçmədiyinə görə model şəklində verilmişdir. Bundan başqa jurnalda fənlər üzrə altstandartlar, proqramlar, test tapşırığı nümunələri və cavab vərəqi nümunələri də verilmişdir. Qeyd olunmuşdur ki, imtahanda istifadə olunacaq altstandartlar seçilərkən, 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri nəzərə alınmışdır, belə ki, şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi altstandartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılmışdır.

Sonra iclas iştirakçılarının nəzərinə cari il noyabrın 10-da yaradılmış Ləğvetmə komissiyasının iş planı təqdim edilmişdir. Komissiyanın fəaliyyəti dövründə ləğv edilən TQDK və DQMK-nın vəzifə və funksiyalarının yerinə yetirilməsinin və cari işlərin həyata keçirilməsinin zəruri olduğunu bildirilmişdir. Ləğvetmə komissiyasının işinin təşkili üçün həyata keçirilməli olan tədbirlər və ona həvalə olunmuş vəzifələr bərədə, həmçinin bununla əlaqədar ləğvetmə komissiyası üzvləri arasında vəzifə bölgüsü aparılmasının vacib olduğunu qeyd olunmuşdur.

İclas zamanı digər cari məsələlər də müzakirə olunmuşdur. Müzakirə olunan hər məsələyə dair Şura üzvlərinin rəy və təklifləri dinlənildi.