Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün treninqləri başa çatdırıb

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün treninqləri başa çatdırıb
02.02.2017

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün keçirilən treninqləri başa çatdırıb. 30 yanvar–1 fevral tarixlərində DİM tərəfindən müxtəlif ali təhsil müəssisələrinin və AMEA-nın nəzdində olan 22 elmi-tədqiqat institutlarının əməkdaşları üçün son seminar‑məşğələlər keçirilib. DİM-in inzibati binasında keçirilən və mərkəzi aparatın məsul şəxsləri tərəfindən aparılan bu seminarlara 204 əməkdaş cəlb olunub.

Seminar-məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib. İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20-25 nəfərlik qruplarla keçirilib. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilib.

Xatırladaq ki, 10 yanvar- 1 fevral tarixlərində keçirilmiş və bütün resublika ərazisini əhatə edən bu prosesdə 78 rayonun 1558 təhsil müəssisəsindən 4490 nəzarətçi‑müəllim iştirak edib.

Məlumat üçün qeyd edək ki, cari ildə keçirilən seminarlara yeni, təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər dəvət olunmuşlar. Hal‑hazırda “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə  14817 nəzarətçi-müəllim haqqında məlumat var. Təlimlərdə iştirak etməyən digər müəllimlər isə təyin olunduqları imtahandan bir neçə gün öncə seminar-məşğələlərə cəlb olunacaqlar.

Qeyd edək ki, seminar-məşğələlərin keçirilməsində əsas məqsəd:

·        imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək;

·        nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

·        şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

·        abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallıq baxımından mühüm məqamları qeyd etmək;

·        imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yollarını sadalamaq;

·        nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır. 

Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.