Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilmişdir.

Line Spacing+- AFont Size+- Çap
03.02.2017

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyi aşağıdakı məsələlərdən ibarət olmuşdur: “2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında Hesabat”ın təqdim olunması, imtahanların keçirilməsinin ilkin qrafikinin, ali təhsil müəssisələrinə qəbul qaydalarının, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin keçirilmə forması, yanvarın 28-də vergi orqanlarına işə qəbulla bağlı keçirilmiş test imtahanlarının nəticələrinin müzakirəsi.

Birinci məsələ ilə bağlı DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd etdi ki, hazırkı hesabat cənab Prezidentə təqdim edilməzdən  əvvəl tanış olub rəy bildirilməsi üçün Şura üzvlərinin diqqətinə çatdırılır. Hesabat daha geniş formatda Təhsil Nazirliyinə göndəriləcək, ictimaiyyət üçün isə “Abituriyent” jurnalının 12-ci sayı disk şəklində istifadəyə veriləcək.

İmtahanların ilkin qrafiki ilə bağlı bildirildi ki, qrafikdə yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub, ona görə ki, bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqəlidir və ötən illər bu dövrdə biz qrafiki artıq elan etmişdik. Lakin hazırda tariflərin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq. Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması qeyd olunan məsələlərə görə hələ ki, təxirə salınır.

Gündəlikdə duran növbəti məsələ ilə bağlı məruzə olundu ki, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları DİM tərəfindən rəy bildirilməsi üçün Təhsil və Ədliyyə Nazirliklərinə göndərilmiş, sonuncuların rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunmuşdur. İclas iştirakçıları ətraflı şəkildə qeyd olunan nazirliklərin rəylərini müzakirə etmişlər.

IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri)  - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi Şura üzvlərinin diqqətinə çatdırıldı. Qeyd olundu ki, bu formalar DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq. Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatını almağa namizəd olanlar  üçün mütləqdir, bu şagirdlər haqqında öncədən “Şagird-məzun” sistemində qeydiyyat aparılacaq və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə  onlar imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcək.

Vergi orqanlarına işə qəbulla bağlı keçirilmiş test imtahanlarının nəticələri ilə bağlı sədr bildirdi ki, qeydiyyatdan keçmiş 2889 nəfərdən 763-ü imtahanda iştirak etməmişdir. İmtahan iştirakçılarının az bir hissəsi müəyyən olunmuş müsabiqə şərtini (70 və daha yuxarı bal) ödəmişdir. Aparılmış təhlil göstərdi ki, imtahan zamanı DİM tərəfindən təqdim olunan məntiq və informatika üzrə sualların namizədlər tərəfindən cavablandırılmasında uyğunluq müşahidə olunmuş, lakin ixtisas üzrə suallara cavab verməkdə namizədlər çətinlik çəkmişlər. Bununla bağlı, müvafiq Nazirliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən mövcud problemin aradan qaldırılması məqsədilə qərara alınmışdır ki, ixtisas üzrə test tapşırıqlarının müvafiq bilik və bacarıqların düzgün qiymətləndirilməsini təmin etmək üçün tapşırıqların testologiya qaydalarına uyğun tərtib edilməsi məqsədilə birgə işçi qrup yaradılsın. 

Sonda iclas iştirakçılarının nəzərinə ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəşr edilmiş  “RİYAZİYYAT” fənni üzrə vəsait  təqdim edilmişdir. Qeyd olunmuşdur ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilmişdir.