Yeni Tvinninq layihəsinin təqdimat mərasimi keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
Yeni Tvinninq layihəsinin təqdimat mərasimi keçirilmişdir
14.02.2017

2017-ci il fevralın 14-də Badamdar Bakı otelində “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin təqdimat mərasimi keçirilmişdir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və iki il müddətində həyata keçiriləcəkdir.

Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mard, Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Valdas Lastauskas, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Litva Dövlət Katibinin müavini-Litva Respublikası tərəfindən layihə rəhbəri Alminas Maciulis, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, DİM Strateji İnkişaf şöbəsinin müdiri-Azərbaycan Respublikası tərəfindən layihə rəhbəri Fuad Mayılov, Litva Dövlət Qulluğu Departamentinin direktor müavini-Rezident Tvinninq müşaviri Edvardas Zukauskas çıxış etmişlər. Qeyd edilmişdir ki, layihənin əsas məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, dövlət qulluğu vəzifələrinin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.

kollektiv shekil.jpg

Layihənin tərəfdaşları Litva Respublikasının Dövlət Katibliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir.

Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə Avropa İttifaqına inteqrasiya proseslərini dəstəkləmək məqsədilə icra edilir. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa İttifaqına üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir.

İndiyə qədər Azərbaycanda 25 Tvinninq layihəsi uğurla icra olunmuşdur. 10 Tvinninq layihəsi icra olunur, 10-u isə danışıqlar mərhələsindədir.