Tvinninq layihəsinin Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
Tvinninq layihəsinin Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir
15.02.2017

2017-ci il fevralın 14-də  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Litva Dövlət Katibliyi tərəfindən birgə icra olunan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir.

İclasda Layihənin Avropa İttifaqından tərəfdaş ölkə olan Litva Respublikasının  müvafiq qurumlarının (Litva Dövlət Katibliyi, Litva Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Proqram İdarəetmə Qurumu və SİBA), həmçinin Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin və DİM-in əməkdaşları iştirak etmişlər.

İclasın əsas mövzusu Tvinninq Layihəsinin 1-ci rübünü (17 oktyabr 2016-cı il – 31 yanvar 2017-ci il) əhatə edən hesabatın müzakirəsi olmuşdur.

Layihə rəhbərləri hesabat dövründə layihənin maneəsiz və uğurla icra olunduğunu vurğulayaraq həyata keçirilən fəaliyyətlərin layihənin ümumi məqsədlərinə öz töhfəsini verdiyini və gələcək inkişaf üçün zəmin yaratdığını qeyd etmişlər. Bildirilib ki, Layihənin başlandığı dövrdən 1‑ci komponent üzrə (dövlət qulluğu vəzifələrinin qruplaşdırılması sistemi) ölkəmizə 3 ekspert missiyası təşkil olunmuş və DİM-in 5 nəfər əməkdaşının Litva Respublikasına təlim səfəri baş tutmuşdur.

Tvinninq layihəsinin icra vəziyyətinə dair fikirlərini bildirən iştirakçılar Layihə üzrə keçirilən tədbirləri, bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndirmişlər.

Sonda ikitərəfli əməkdaşlığın növbəti mərhələləri müzakirə edilmiş, Tvinninq kontraktının müddəalarına uyğun olaraq növbəti tədbirlərə dair fikir mübadiləsi aparılmış və Layihənin səmərəli tətbiqinə dair təklif və tövsiyələr verilmişdir.

Qeyd edək ki, Layihənin əsas məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, dövlət qulluğu vəzifələrinin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.