Dövlət İmtahan Mərkəzində İctimai Şuraya üzv olmaq istəyən namizədlərlə görüş keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzində İctimai Şuraya üzv olmaq istəyən  namizədlərlə görüş keçirilmişdir
20.04.2017

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə yaradılmış dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bundan əlavə həmin Nizamnamənin 3.1.2-7-ci yarımbəndinə uyğun olaraq  dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək Mərkəzin hüquqlarından biridir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4-cü bəndinə əsasən vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişlənməsi və ictimai iştirakçılığın artması sahəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Mərkəz publik hüquqi şəxs kimi bu sahədə fəaliyyətə qoşulmağı və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı tədbirlərin icrasında iştirak etməyi özünə borc bilir.

Qeyd olunanlara uyğun olaraq DİM tərəfindən ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradılır. Xatırladaq ki, ötən ay Şuraya üzv olmaq üçün müvafiq elan verilmişdir və 40-dan artıq QHT, təhsil eksperti, müəllim və KİV nümayəndələri üzv olmaq üçün qeydiyyatdan keçmişdir.

DSC_0393[1].JPG

20 aprel 2017-ci il tarixində isə DİM-də Məleykə Abbaszadənin iştirakı ilə İctimai Şuraya üzv olmaq istəyən  nümayəndələrlə görüş keçirilmişdir.

Bu görüşdə iştirakçılara Şuranın yaradılmasının məqsədi, üzvlərin hüquq və vəzifələri haqqında məlumat verilmiş və onlar yazı işlərinin emal olunması prosesinin müxtəlif mərhələlərini izləmək üçün dəvət olunmuşdur. İclasda, həmçinin sual kitabçalarının çapı, paketlənməsi və buraxılış imtahanı materiallarının yoxlanılması prosesinə aid qısa xidməti video-çarx nümayiş olunmuşdur. İclasın sonunda Şuraya üzv olmaq istəyən namizədlərin siyahısı müəyyən olunmuşdur. İctimai Şuranın üzvləri DİM Direktorlar Şurası tərəfindən formalaşdırılacaqdır.