DİM-in əməkdaşları Ukraynada dövlət qulluğu ilə bağlı keçirilən təlimdə iştirak etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM-in əməkdaşları Ukraynada dövlət qulluğu ilə bağlı keçirilən təlimdə iştirak etmişdir
08.06.2017

2017-ci il 1-2 iyun tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik” adlı I Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində “Peşəkar, davamlı və siyasi qərəzsiz dövlət qulluğu: liderliyin və təşkilati mədəniyyətin rolu” mövzusunda təlim keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin Hüquqi təminat sektorunun müdiri Nərminə Bayramova və Strateji inkişaf şöbəsinin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Nərmin Zeynalova həmin təlimdə iştirak etmişdir.

Təlim Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Təlimin keçirilməsində əsas məqsəd rəhbər vəzifəli şəxslərin innovasiyalar və dəyişikliklər sahəsində liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılması olmuşdur. Təlim “İdarəetmədə səmərəli ünsiyyət”, “İnsan resurslarının idarə edilməsi və strateji komandanın formalaşdırılması” və “ Dövlət hakimiyyətinin inkişaf etdirilməsi və dəyişikliklərin idarə edilməsi” mövzularında 3 işçi qrupda işini davam etmişdir.

Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.