Quba rayonunda “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
30.06.2017

2017-ci ilin 30 iyun tarixindəAzərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir.

Təlim Avropa Şurası/Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinə uyğun olaraq həyata keçirilib.

Təlimdə mərkəzi icra hakimiyyəti orqanlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Energetika Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Maliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarından Quba Rayon İcra Hakimiyyəti, Siyəzən Rayon İcra Hakimiyyəti, Qusar Rayon İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyətində, rayon (şəhər) məhkəmələrindən Şabran Rayon Məhkəməsi, Siyəzən Rayon Məhkəməsi, Xızı Rayon Məhkəməsi, Qusar Rayon Məhkəməsi, Xaçmaz Rayon Məhkəməsində qulluq keçən 30 nəfər dövlət qulluqçusu iştirak etmişdir.

Tədbirdə açılış nitqi ilə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov və Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Teodora Lukoviç çıxış etmiş və tədbirin əhəmiyyətindən danışmışlar.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatında Kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatında Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin Hüquq sektorunun aparıcı məsləhətçisi Əzizə Məmmədova tərəfindən aparılan təlim “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi”, “Xidməti fəaliyyətin qiymətləndirilməsinin icrası” və digər mövzuları əhatə etmişdir.