“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda  konfrans keçirilmişdir
10.07.2017

2017-ci il iyulun 10-da Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Pullman Bakı Hotelində “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda  konfrans keçirilmişdir. 

Tədbirin keçirilməsində məqsəd iştirakçılara dövlət qulluğu sahəsində son islahatlar və yeniliklər, o cümlədən dövlət qulluğuna dair qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat vermək, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparmaq olmuşdur. 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Ümumilikdə konfransda 150 nəfər iştirak etmişdir.

Konfransda giriş sözü ilə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu  və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış etmişdir.

Məleykə Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən  etik davranış qaydalarının düzgün tətbiqinin təmini və pozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verərək, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrəniləcəyi, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcəyini, yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəyi və təqdim olunacaq illik hesabata daxil ediləcəyini, pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini qeyd etmişdir.

DİM-in əməkdaşları tərəfindən  Dövlət qulluğu haqqında Qanuna edilmiş son əlavə və dəyişikliklər, dövlət qulluğuna yeni qəbul qaydaları, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanların təşkilində tətbiq ediləcək yeniliklər barədə təqdimatlar edilmişdir.

DSC_0005.JPG

Konfransda, həmçinin Dövlət İmtahan Mərkəzinin Litva Dövlət Katibliyi ilə birgə icra edilən  və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” Layihəsinin icra vəziyyəti və gələcək planlar barədə də iştirakçılara məlumat verilmişdir.

Tədbirin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı verilən suallar DİM əməkdaşları tərəfindən cavablandırılmışdır. 

Konfransdakı təqdimatları aşağıdakı keçidlərdən yükləyə bilərsiniz:

Vüqar Əsgərov – DİM, Hüquqi təminat və insan resursları şöbəsinin müdiri, “Dövlət qulluğu qanunvericiliyinə edilmiş dəyişikliklər və dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri”

Vüqar Əkbərov – DİM, Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri, “Azərbaycan Respublikasında dövlət qulluqçularının reyestrinin aparılması qaydaları“

Fuad Mayılov – DİM, Strateji inkişaf şöbəsinin müdiri, “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” Layihəsinin icra vəziyyəti və gələcək planlar“

Tural Dünyamalıyev – DİM, E-imtahanların təşkili və keçirilməsi şöbəsinin aparıcı məsləhətçisi, “Dövlət qulluğu üzrə elektron xidmətlər və vəzifələrin idarə edilməsi sistemi”