Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti Ukraynada rəsmi səfərdə olmuşdur

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti Ukraynada rəsmi səfərdə olmuşdur
26.09.2017

2017-ci il 21-22 sentyabr tarixlərində Ukraynanın Odessa şəhərində “Dövlət qulluqçularının və yerli idarəetmə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması –  Problemlər, məqsədlər və perspektivlər” mövzusunda konfrans təşkil olunmuşdur.

Tədbir Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının Dövlət İdarəçiliyi İslahatları Paneli nəzdində fəaliyyət göstərən “Demokratiya, yaxşı idarəçilik və stabillik” Platforması çərçivəsində Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin, Dövlət Qulluğu üzrə Adaptasiya Mərkəzinin, Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Odessa Regional Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Konfransın təşkilində əsas məqsəd dövlət qulluqçularının peşəkarlığının artırılması üçün vahid konsepsiyanın ilkin layihəsinin hazırlanmasından, Şərq Tərəfdaşlığı ölkələrində bu istiqamətdə görülən işlərin, yaxşı təcrübələrin təqdim olunmasından, peşəkar inkişaf səviyyəsinin daha da yüksəldilməsi üçün görülə biləcək işlər, yeni, innovativ təlim metodlarının və təlim modullarının hazırlanması ətrafında müzakirələrin aparılmasından ibarət olmuşdur. Tədbirdə Ukraynanın müxtəlif dövlət orqanlarının, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin dövlət qulluğuna məsul olan qurumlarının, təhsil müəssisələrinin, beynəlxalq təşkilatların və digər dövlətlərin nümayəndələri iştirak etmişdir.

Konfransda Dövlət İmtahan Mərkəzini Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov, Təşkilat şöbəsinin İmtahanların təşkili və idarəedilməsi sektorunun müdiri Hidayət Zeynalov və Strateji inkişaf şöbəsinin Beynəlxalq əməkdaşlıq sektorunun aparıcı məsləhətçisi Tural Əlizadə təmsil etmişlər.

Konfrans plenar sessiyalar formasında təşkil olunmuşdur. Birinci plenar sessiyada Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin sədri Kostiantin Vaşenko “Dövlət qulluqçularının, yerli idarəetmə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması üzrə həyata keçirilən islahatların əsas prisnipləri” mövzusunda təqdimatla çıxış etmişdir. Cənab Vaşenko son illərdə Ukraynanın dövlət idarəçiliyi sistemində, xüsusilə də dövlət qulluğu sahəsində aparılan köklü islahatlar haqqında iştirakçılara məlumat vermişdir. Agentliyin sədri daha sonra Ukraynada dövlət qulluçularının peşəkarlığının artırılması istiqamətində görülən işlər, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da genişləndirilməsi barədə ətraflı məruzə ilə çıxış etmişdir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini nitqi zamanı Azərbaycanda dövlət qulluqçularının peşəkar inkişafının təmin edilməsi istiqamətində bugünə qədər görülən işlər, aparılan islahatlar, həyata keçirilən beynəlxalq layihələr, təlimlər çərçivəsində həyata keçirilmiş fəaliyyətlər, Azərbaycanın bu istiqamətdə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar haqqında məlumat vermişdir.

Tədbirin ikinci plenar sessiyasında Dövlət İmtahan Mərkəzinin əməkdaşı Tural Əlizadə “Azərbaycanda dövlət qulluqçularının peşəkarlığının artırılması və dövlət qulluğunda təlimlər” mövzusunda təqdimatla çıxış etmişdir. Çıxış zamanı dövlət qulluqçularının peşəkar inkişafı, əlavə təhsili sahəsində Azərbaycanda mövcud olan qanunvericilik bazası, əlavə təhsilin növləri, bu sahədə dövlət tərəfindən göstərilən maliyyə dəstəyi, dövlət qulluqçularının potensial quruculuğu istiqamətində görülən işlər, həyata keçirilən beynəlxalq layihələr, dövlət qulluqçuları üçün müxtəlif mövzularda təlimlərin keçirilməsi, standart təlim kurikulumlarının tərtib edilməsi haqqında ətraflı məlumat verilmişdir.