Dövlət İmtahan Mərkəzində Avropa İttifaqının TAIEX aləti çərçivəsində Mərkəz tərəfindən keçirilən imtahanlarda tətbiq edilən “e markinq” sistemi ilə bağlı tədbir keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzində Avropa İttifaqının TAIEX aləti çərçivəsində Mərkəz tərəfindən keçirilən imtahanlarda tətbiq edilən “e markinq” sistemi ilə bağlı tədbir keçirilmişdir
28.09.2017

2017-ci il sentyabrın 25-dən 28-dək Avropa İttifaqının (Aİ) Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda tətbiq edilən “e‑markinq” sistemi ilə bağlı ekspert missiyası baş tutmuşdur.

Missiya çərçivəsində Sloveniyanın Milli İmtahan Mərkəzinin (SMİM) yüksək vəzifəli ekspertləri tərəfindən DİM-in keçirdiyi imtahanlarda istifadə edilən esse tipli və digər yazılı cavab tələb edən tapşırıqların yoxlanması üçün istifadə edilən e-markinq sisteminin tədqiq edilməsi və bu sahədə Sloveniya təcrübəsinin DİM əməkdaşlarına təqdim edilməsi  nəzərdə tutulmuşdur.

Tədbirin proqramına uyğun olaraq 4 gün ərzində DİM əməkdaşları tərəfindən DİM-in fəaliyyəti və imtahanlarda tətbiq edilən “e‑markinq” sistemi, qiymətləndirmə materiallarının hazırlanması, yazılı cavablar üçün qiymətləndirmə meyarlarının hazırlanması, yazılı imtahanları qiymətləndirən markerlərin hazırlanması və onların fəaliyyətinin qiymətləndirilməsi, imtahanlardan sonra nəticələr və sualların məzmunu ilə əlaqədar müraciətlərin araşdırılması, yazılı imtahanlar üçün imtahan materiallarının nəşri, skan edilməsi və markerlərə çatdırılması, DİM-də imtahan nəticələrinin təhlili, kütləvi yazılı imtahanlar zamanı (esse daxil olmaqla) istifadə edilən testlərin və qiymətləndirmə meyarlarının səmərəliliyi barədə təqdimatlar edilmiş, sloveniyalı ekspertlərlə bu barədə müzakirələr aparılmış və qeyd edilən sahələr üzə Sloveniya və Aİ ölkələrinin təcrübəsi ekspertlər tərəfindən müqayisəli şəkildə təqdim edilmişdir.

IMG_3497.JPG

Missiya çərçivəsində 26 sentyabr tarixində Aİ ekspertlərinin DİM Direktorlar Şurasının sədri xanım Məleykə Abbaszadə ilə görüşü baş tutmuşdur. Görüş zamanı ekspertlərlə qarşılıqlı fikir mübadiləsi aparılmış, TAIEX aləti çərçivəsində əməkdaşlığın qarşılıqlı faydalı olması vurğulanmışdır. Görüşdə SMİM-nin İmtahan şöbəsinin müdiri xanım Andreyka Slavek Gornik DİM-in fəaliyyətini və qurulmuş imtahan sistemini, SMİM-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Matyaz Urank isə DİM-də proseslərin avtomatlaşdırılması üçün tətbiq edilən proqram təminatını yüksək qiymətləndirmişdir.

Ekspert missiyasının fəaliyyəti sentyabrın 28-də başa çatmışdır. Missiya çərçivəsində əldə edilmiş təcrübə və ekspertlərin tövsiyələri nəzərə alınmaqla Dövlət İmtahan Mərkəzinin imtahanlarda tətbiq etdiyi “e-markinq” sisteminin təkmilləşdirilməsi üzrə fəaliyyəti davam etdiriləcək.

Layihə Aİ tərəfindən maliyyələşdirilmişdir.