Dövlət İmtahan Mərkəzinin yeni qəbul qaydaları ilə bağlı Şəmkir şəhərində keçirdiyi elmi-metodiki seminarlar haqqında məlumat

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinin yeni qəbul qaydaları ilə bağlı Şəmkir şəhərində keçirdiyi elmi-metodiki seminarlar haqqında məlumat
21.10.2017

21 oktyabr 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzi (DİM) Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydaları ilə bağlı seminarlar keçirmişdir.

Seminarlarda Gəncə və Naftalan şəhərlərinin, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Xocalı, Göygöl, Samux, Goranboy, Daşkəsən, Gədəbəy və Kəlbəcər rayonlarının təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri iştirak etmişlər.

Seminarların plenar iclası DİM-in feysbukdakı səhifəsində (YouTube-dakı kanal vasitəsilə) canlı yayımlanmışdır.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydalarına dair təqdimat etmiş, bu sahədə aparılan işlər haqqında ətraflı məlumat vermişdir.

Seminar iştirakçılarını maraqlandıran suallar Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən cavablandırılmışdır.

DSC_1628.JPG

Daha sonra müzakirələr Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis dili, fransız dili) fənləri üzrə davam etdirilmişdir.

DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının modelləri haqqında məlumat vermiş, BDU-nun nəzdində Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov Azərbaycan dili fənni üzrə 9-illik təhsil bazasından buraxılış imtahanı proqramı haqqında məlumat vermiş, imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim etmişdir. 

Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov 9-illik təhsil bazasından buraxılış imtahanı proqramı haqqında məlumat vermiş, fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim etmişdir.

İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla  Musayeva, fransız dili fənni üzrə ADU-nun professoru (DİM-in fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Çəmən Babaxanova buraxılış imtahanlarında istifadəsi nəzərdə tutulmuş tapşırıq modelləri haqqında məlumat vermişlər.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılmışdır.