Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Neftçala rayonunda vətəndaşları qəbul etmişdir

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Neftçala rayonunda vətəndaşları qəbul etmişdir
30.11.2017

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 30-da  şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Neftçala rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Neftçala, Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon və Şirvan şəhər sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişlər.

Görüşdən öncə sədr Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşdür.

IMG_6323.JPG

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, magistratura pilləsində təhsil, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, tətbiq olunacaq yeniliklər, həmçinin dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.