Neftçala rayonunda yeni qəbul qaydaları ilə bağlı elmi-metodiki seminarlar keçirilib

Line Spacing+- AFont Size+- Çap
Neftçala rayonunda yeni qəbul qaydaları ilə bağlı elmi-metodiki seminarlar keçirilib
30.11.2017

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 noyabr 2017-ci il tarixində Neftçala rayonu Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı seminarlar keçirilib.

Seminarlarda Neftçala, Şirvan, Hacıqabul, Salyan, İmişli, Saatlı və Sabirabad rayonlarının təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.

Seminarın plenar iclası DİM-in saytında (YouTube kanalı vasitəsilə) canlı yayımlanıb.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydalarına dair təqdimatla çıxış edib və  bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.

Seminar iştirakçılarını maraqlandıran suallar Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən cavablandırılıb.

Daha sonra müzakirələr Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis və fransız dilləri) fənləri üzrə davam etdirilib.

DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının modelləri haqqında, BDU-nun nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov isə Azərbaycan dili fənni üzrə 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı barədə məlumat verib, imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.

Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı haqqında danışıb. BDU nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Aqşin Abdullayev isə fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.

İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla  Musayeva və fransız dili fənni üzrə ADU-nun professoru (DİM-in fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Çəmən Babaxanova buraxılış imtahanlarında istifadəsi nəzərdə tutulmuş tapşırıq modelləri haqqında çıxışlar ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.