DİM Direktorlar Şurasının sədri M.Abbaszadə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Ukraynada keçirilən konfransda çıxış etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri M.Abbaszadə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Ukraynada keçirilən konfransda çıxış etmişdir
07.12.2017

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2017-ci il 7-8 dekabr tarixlərində keçiriləcək İnstitusional Quruculuq üzrə İllik Regional Konfransda iştirak etmək məqsədilə Kiyev şəhərinə səfər etmişdir. Konfrans  Avropa Xarici Fəaliyyət Xidmətinin və Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin birgə təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və stabillik” adlı I Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində keçirilir.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Avropa İttifaqının üzv dövlətlərinin, beynəlxalq təşkilatların, eləcə də Ukraynada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və  Ukraynanın dövlət qurumlarının nümayəndələri iştirak edir.

DİM Direktorlar Şurasının sədri konfransda açılış nitqi ilə çıxış edərək  Azərbaycan-Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrin yüksək templə inkişafı barədə məlumat vermiş, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulamışdır. Sədr, həmçinin Avropa İttifaqı ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən layihələr barədə ümumi məlumat vermişdir.

11.jpg

Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsinin (AZ/15/ENP/OT/40) rəhbəri Fuad Mayılov da plenar sessiyada təqdimatla çıxış edərək Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa Ittifaqının Tvinninq və TAIEX alətləri çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sektor müdiri Aytəkin Quluzadə isə çıxışında Azərbaycan-Avropa İttifaqı arasında mövcud əməkdaşlıq münasibətləri, Azərbaycanda Avropa İttifaqının institusional quruculuq sahəsində mövcud olan yardım alətlərinin (Tvinninq, TAIEX, SIGMA) səmərəli tətbiqi ilə bağlı təqdimatla çıxış etmişdir.

Konfrans 8 dekabrda plenar sessiyalar formasında davam edəcək, digər Şərq Tərəfdaşlığı ölkələri öz ölkələrində həyata keçirilən Tvinninq, TAIEX və SİGMA alətlərinin tətbiqi, uğurlar, əldə edilən nəticələr barədə fikirlərini bölüşəcəklər.