AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

TQDK–nın imtahanlarda istifadə olunmuş test tapşırıqlarını və müxtəlif nəşrlərini qeyri-qanuni yollarla yayımlayanlara qarşı mübarizə davam etdirilir

Line Spacing+- AFont Size+- Çap
05.09.2016

Bildiyiniz kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır. Çox təəssüf ki, 06 mart 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılmışdır. O, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol vermişdir. Həmin sualların qeyd olunduğu sual kitabçalarının imtahandan sonra TQDK-nın razılığı olmadan sosial şəbəkədə və digər internet saytlarında yayılması imtahan suallarının məxfiliyinin qorunması qaydalarının pozulmasına səbəb olmuşdur. Əvvəlki illərdə keçirilən magistraturaya səviyyəsinə qəbul imtahanlarında istifadə olunan imtahan suallarından növbəti illərdə keçirilən imtahanlarda istifadə olunur. Nəticədə TQDK yenidən mütəxəssislərin cəlb edilməsi, yeni sualların hazırlanması və s. tədbirlər həyata keçirmək məqsədilə xeyli miqdarda vəsait sərf etmişdir ki, bu da dövlət qurumuna mühüm zərər vurulmasına səbəb olmuşdur. Bundan başqa Şərifov Rəşadət Rəşid oğlu tərəfindən TQDK və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus “Abituriyent 2016 Magistr №1”, “Abituriyent 2016 Magistr №2” jurnallarının qanunsuz yayılması müəllif hüquqlarının pozulmasına səbəb olmuşdur.

Qeyd olunanlarla əlaqədar TQDK və “Abituriyent” Jurnalı Redaksiyası Şərifov Rəşadət Rəşid oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh Şərifov Rəşadət Rəşid oğlu izahatında bildirmişdir ki, səhv etdiyini başa düşür və gələcəkdə belə hallara yol verməyəcəkdir.

Yekunda Zərdab Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixdəki iclasında Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qəbul etdiyi 2(035)-570/2016 saylı qətnamədə:

İddiaçılar Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “ Abituriyent” Jurnalı Redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması cavabdeh Şərifov Rəşadət Rəşid oğluna qadağan edilməsi;

İddiaçı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 ( iki min beş yüz ) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ödənilməsi;

İddiaçı “Abituriyent” Jurnalı Redaksiyasının müəllif hüquqlarının pozulmasına görə dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 ( iki min beş yüz) manat məbləğində pul tutularaq “ Abituriyent” Jurnalı Redaksiyasına ödənilməsi;

Məhkəmə qətnaməsinin cavabdeh Şərifov Rəşadət Rəşid oğlunun ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar öz əksini tapmışdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent”Jurnalı Redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcəkdir. Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan TQDK və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla sürətinin çıxarılması qadağandır!