"Nəzarətçilərin elektron qeydiyyatı" sistemi ilə bağlı treninq keçirilib

Line Spacing+- AFont Size+- Çap
"Nəzarətçilərin elektron qeydiyyatı" sistemi ilə bağlı treninq keçirilib
21.11.2016
DSC_0115.JPG
Noyabrın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) test imtahanlarına ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələri tərəfindən cavabdeh şəxs qismində təyin olunan əlaqələndiricilərlə treninq keçirilib.


Treninqdə Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri iştirak ediblər.

DİM-in əməkdaşı Adıgözəl Həbibov iştirakçılara "Nəzarətçilərin elektron qeydiyyatı" sisteminin strukturu, funksyaları, sistemlə işləmək qaydaları haqqında ətraflı məlumat vermişdir. A.Həbibov, həmçinin qarşıda duran vəzifələri, o cümlədən bazaya daxil edilmiş nəzarətçi-müəllimlərin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əmək haqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarının bir daha dəqiqləşdirilməsini, yeni nəzarətçilərin qeydiyyatının aparılmasını, əmək müqavilələrinin bağlanmasını diqqətə çatdırıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi tələb olunan məlumatların daxil edilməsi üçün noyabrın 21-dən dekabrın 9-dək aktiv olacaqdır (http://eservices.tqdk.gov.az/nezaretci/).

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri ilə treninqlər DİM-in regional bölmələrinin əməkdaşları tərəfindən paralel olaraq regionlarda da keçirilir.