“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dair Dövlət İmtahan Mərkəzinin MƏLUMATI

Line Spacing+- AFont Size+- Çap
24.02.2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətində mühüm yer tutan istiqamətlərdən biri də gənclər siyasətidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda ölkə başçımızın rəhbərliyi ilə milli maraqlara uyğun şəkildə davam etdirilir.

Bir tərəfdən ölkəmizin davamlı sosial iqtisadi tərəqqisi, digər tərəfdən müasir dünyada gedən qloballaşma və informasiya cəmiyyəti quruculuğu prosesləri Azərbaycan cəmiyyətinin ayrı-ayrı sahələrində yüksək peşəkarlıqla işləyə bilən kadr potensialının yetişdirilməsini tələb edir. Bununla bağlı təhsil sahəsində əsaslı dövlət proqramları həyata keçirilir və gənclərin bilik və bacarıqlarının inkişafına, özünütəsdiqinə geniş imkanlar yaradılır. Ölkədə bu istiqamətdə ardıcıl olaraq proqramlar həyata keçirilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və sair bu kimi sənədlər ölkənin ayrı-ayrı sahələrinin inkişaf təlabatına və meyillərinə uyğun yüksək hazırlıqlı kadr potensialının formalaşmasına əlverişli imkanlar yaradır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də beynəlxalq təcrübə nəzərə alınmaqla kadr hazırlığının təkmilləşdirilməsi, potensial istedadlı gəncləri aşkarlayaraq cəlb edən, aparıcı sektorları əmək məhsuldarlığı yüksək olan, innovativ işçi qüvvəsi ilə təmin edən və beynəlxalq səviyyədə tanınan rəqabət qabiliyyətli sistemin qurulması əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir.

Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bu sahədə idarəetmə sistemi yenidən qurulmuş, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradılmışdır. Dövlət İmtahan Mərkəzinin vəzifələri sırasına təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi vəzifəsi daxildir.

Dövlət başçısının gənclərin ali və orta ixtisas təhsili alması imkanlarının genişləndirilməsi siyasətinin həyata keçirilməsi məqsədilə tələbə qəbulu sahəsində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, ümumi təhsil müəssisələrinin cari il məzunları  orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə buraxılış imtahanlarının nəticələrinə əsasən əlavə qəbul imtahanı vermədən iştirak edirlər. Bundan əlavə son illər tətbiq edilən tələbə qəbulu modelinə uyğun olaraq abituriyentlər bir neçə istiqamət üzrə müsabiqədə iştirak edə bilirlər.

Bu sahədə aparılan islahatların davamı olaraq bu ildən etibarən abituriyentlərə seçdiyi ixtisas qrupuna uyğun olaraq qəbul imtahınında iki dəfə iştirak etmək imkanı yaradılmışdır. Birinci imtahanın nəticələrindən razı qalmayan hər bir abituriyent ikinci dəfə öz biliyini sınamağa imkan qazanacaqdır və bu zaman daha yüksək nəticə göstərdiyi imtahanın nəticəsi müsabiqə zamanı əsas götürüləcəkdir. Bu addım abituriyentlərin imtahanla bağlı psixoloji gərginliyini aradan götürmək və qəbul imtahanında biliklərini tam nümayiş etdirmək üçün daha əlverişli şəraitin yaradılmasına imkan verəcəkdir. Bundan əlavə keçən ildən etibarən rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanından aldıqları məqbul qiymət iki il qüvvədə qalır.

Bu islahatlar çərçivəsində “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı mühüm əhəmiyyətə malikdir.

Belə ki, bu Sərəncamdan ümumi  təhsil müəssisələrini cari ildə bitirən Azərbaycan Respublikasının bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşları yararlanacaqlar.

Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcəkdir. Bu qayda eyni zamanda bir neçə ixtisas qrupuna ərizə verən abituriyentlərə də şamil olunacaqdır. Seçdiyi qruplardan biri üzrə ilk imtahanın ödənişi dövlət tərəfindən, digər imtahanların ödənişi isə abituriyent tərəfindən həyata keçiriləcəkdir.

Bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə yanaşı 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər.

Yuxarıdakı kateqoriyadan olan vətəndaşların tələbə qəbulu ilə bağlı keçirilən imtahanda, o cümlədən qəbul imtahanlarının tərkib hissəsi olan rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı və qabiliyyət imtahanında bir dəfə iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəkdir.

Bu Sərəncamın icrasından ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan gənclərinin böyük əksəriyyəti faydalanacaqdır.