2017/2018-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir

Line Spacing+- AFont Size+- Çap
18.04.2017

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılmışdır. 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 19-26  aprel tarixlərində (şənbə və bazar günləri istisna olmaqla)  DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Ünvan: Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 1M). 

Müsabiqədə iştirak etmək hüququna 2017-ci il may ayının 15-dək 19 yaşı tamam olmayan, II və ya III ixtisas qrupu üzrə 30 aprel 2017-ci il tarixində keçiriləcək qəbul imtahanında iştirak edən (qəbul imtahanı rus dilində verilməlidir), attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim edilməlidir:

1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2017-ci ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
2. Şəxsiyyət vəsiqəsi;
3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.

Müsabiqə iki mərhələdən ibarətdir:

I mərhələdə abituriyentlər DİM tərəfindən 30 aprel 2017-ci il tarixində keçiriləcək II və ya III ixtisas qrupları üzrə test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər. 

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. 

Müsahibə 2017-ci il mayın 16-da saat 14:00-da DİM-də keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaqdır.  

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır. 

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il 12 və 14 iyulda aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər. “Beynəlxalq iqtisadi münasibətlər fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar. 

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;
2. Milli pasportun surəti;
3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil;
4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;
5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi; 
6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat; 
7. Sifilis müayinəsinin nəticəsi;
8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.