DİM əməkdaşı Qırğızıstanda keçirilən beynəlxalq tədbirdə iştirak etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM əməkdaşı Qırğızıstanda keçirilən beynəlxalq tədbirdə iştirak etmişdir
05.05.2017

2017-ci il 24-27 aprel tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə Asiya və Sakit Okean Təlim Mərkəzinin (APCICT) qabaqcıl proqramlarından olan “Qadın və İKT təşəbbüskarlığı” (WIFI) çərçivəsində regional seminar həyata keçirilmişdir. Tədbir APCICT, Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Mərkəzi Asiya Araşdırma və Tədris Şəbəkəsinin (CAREN) birgə təşəbbüsü ilə təşkil olunmuşdur. Seminarın əsas məqsədi tədbir iştirakçılarına WIFI proqramını təqdim etmək, proqramın məqsədləri və əsası qoyulduğu 2016-cı ildən etibarən görülən işlər haqqında məlumat vermək, qadın sahibkarlığının inkişaf etdirilməsi üçün İKT biliklərinin artırılmasının təşviqi, proqramı yerli səviyyədə tətbiq edə biləcək potensiallı kadrların seçilməsindən ibarət olmuşdur. Tədbirdə APCICT-yə üzv ölkələrin WIFI proqramının tətbiqi üzrə məsul qurumların əməkdaşları, təhsil müəssisələrinin nümayəndələri, beynəlxalq ekspertlər, həmçinin sahibkar qadınlar iştirak etmişdir.

Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru cənab Almaz Nasırov tədbiri giriş sözü ilə açaraq bütün iştirakçıları salamlamış və belə bir tədbirin Qırğızıstanda keçirilməsinin onlar üçün mötəbər hadisə olduğunu qeyd etmişdir. Rektor daha sonra WIFI proqramının qadın sahibkarlığının inkişafında önəmli platforma olduğunu, bu istiqamətdə proqram çərçivəsində hazırlanmış modulların yerli şəraitə uyğunlaşdırılmasının vacib olduğunu bildirmiş və əsas tərəfdaş kimi Akademiyanın proqramın tətbiqində lazımi işləri görəcəklərini iştirakçıların diqqətinə çatdırmışdır.

Açılış nitqi ilə çıxış edən APCICT-nin direktoru xanım Hyeun Suk-Ri cəmiyyətdə gender bərabərliyinin təmin olunmasının, qadınların kişilərlə eyni hüquqlardan istifadə edə bilməsi üçün lazımi mühitin yaradılmasının, həmçinin qadın sahibkarlığının inkişaf etdirilməsi, qadın sahibkarlara İKT-nin imkanlarından faydalanması üçün onların müvafiq platformalara çıxışlarına şəraitin yaradılması, maarifləndirmə işlərinin görülməsinin vacibliyini xatırlatmış və WIFI proqramının da əsas məqsədlərinin məhz bunlar olduğunu bildirmişdir.

Tədbir əsas etibarilə təlimçilərin təlimi formasında təşkil olunmuşdur. Tədbirdə qadın sahibkarlarla yanaşı, həmçinin qadın sahibkarlığının inkişafı siyasətini həyata keçirən dövlət qurumlarının nümayəndələri də iştirak etmişlər. Bu səbəbdən təlimlər iki müxtəlif sessiya üzrə - qadın sahibkarlar və siyasətçilər – təşkil olunmuşdur. Tədbirdə Azərbaycanı təmsil edən Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin əməkdaşı Əlizadə Tural və İqtisadiyyat Nazirliyinin nümayəndəsi Vidadi Baxışov siyasətçilər üçün təşkil olunan təlimlərdə iştirak etmişlər.

Tədbir çərçivəsində 27 aprel tarixində WIFI proqramının Qırğızıstanda milli səviyyədə tətbiq edilməsi münasibətilə açılış mərasimi təşkil olunmuşdur.

Tədbir müddətində DİM-in əməkdaşı bir neçə ölkənin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Banqladeş Xalq Respublikasının İKT, Poçt və İnnovasiyalar Nazirliyində nazir müşaviri vəzifəsində çalışan cənab Susanta Kumarsaha ilə görüş zamanı qadın sahibkarlığının inkişaf etdirilməsi üçün İKT sahəsində hansı işlərin görülə biləcəyi, WIFI proqramının tətbiqinin ölkələrimizə hansı faydaları verəcəyi, həmçinin dövlət qulluğuna və təhsil müəssisələrinə qəbul sistemi kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. Kamboca Krallığının dövlət katibinin müavini cənab Şonq Noy ilə görüş zamanı daha çox WIFI proqramının tətbiqi üzrə Kambocanın təcrübəsi ətrafında müzakirələr aparılmışdır. Cənab Noy WIFI proqramının tətbiqi istiqamətində hansı işlərin görülə biləcəyi və bu proqramın qadın sahibkarlığının təkmilləşdirilməsi sahəsində olduqca önəmli faktor olduğunu bildirmişdir.