İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Line Spacing+- AFont Size+- Çap
18.11.2017

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

İmtahana qeydiyyat 7 noyabr 2017-ci il tarixindən başlayıb və bu müddət ərzində 96 namizəd  qeydiyyatdan keçmişdir.

İmtahan təlimata uyğun olaraq kompüter vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 90 namizəd iştirak etmişdir. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə isə 4 nəfər olmaqla, ümumilikdə 13 namizəd  tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanmışdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün noyabrın 20-dən dekabrın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-  ali təhsil haqqında sənədin surəti;

-  əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 20‑21 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( Bakı Asiya Universitetinin binası).