DİM Direktorlar Şurasının növbəti iclası keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
29.11.2017

Azərbaycan  Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 29 noyabr 2017-ci il tarixində növbəti iclası keçirilmişdir.

İclasda dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qulluqçularının maarifləndirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi,  dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması sahəsində görülən işlər, eləcə də Avropa İttifaqının TAIEX layihəsi çərçivəsində DİM tərəfindən həyata keçirilən imtahanlarda “e-markinq” sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı və digər cari məsələlər müzakirə edilmişdir.

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edən Şuranın sədri Məleykə Abbaszadə bildirmişdir ki, bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələlər öz həllini tapmadığına görə biz dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirə bilmirdik. Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunmuş və Mərkəz bu imtahanların keçirilməsinə başlamışdır.

Belə ki, 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak etmiş, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq uğur qazanmışdır.

17 dekabr 2017-ci il tarixdə isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir. 

Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edilmişdir. Dəyşikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanlarına əsasında aparılmayacaq. 

Dövlət qulluqçularının maarifləndirilməsi işinin təşkili ilə bağlı məlumat verən sədr qeyd etmişdir ki, bu sahədə Mərkəz tərəfindən “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi”, “Dövlət qulluğunda etik məsələlər üzrə təlimçilər üçün təlim”, “Dövlət qulluğunda etika”, “Korrupsiyaya qarşı mübarizə” “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzularını əhatə edən təlimlər təşkil edilmişdir və bu təlimlərin hər birində 100-ə yaxın dövlət qulluqçusu iştirak etmişdir.

İclasda dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı aparılan araşdırmanın nəticələri ilə bağlı vurğulanmışdır ki, bəzi dövlət orqanlarında  vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur. Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilmişdir.

İclasda Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq alətlərindən biri – TAIEX layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan “DİM tərəfindən həyata keçirilən imtahanlarda “e-markinq” sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı”na toxunan  sədr  bildirmişdir ki, hesabatda DİM-in imtahanlarda tətbiq etdiyi “e-markinq” sisteminin bir çox müsbət cəhətləri xüsusi vurğulanmış və DİM-in olduqca yaxşı təşkilatlanmış qurum olduğu, fəaliyyət göstərdiyi 25 il ərzində müvafiq sahə üzrə kifayət qədər geniş həcmli işlərin həyata keçirildiyi, təhsilin müxtəlif pillələrinə qəbulun, o cümlədən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin yüksək səviyyədə təşkil olunduğu qeyd olunmuşdur.

Görüşdə digər cari məsələlər də müzakirə olunmuşdur.