“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə elanının Forması” təsdiq edilib

Line Spacing+- AFont Size+- Çap
04.12.2017

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  508 nömrəli, 24 noyabr 2017-ci il tarixli qərarı ilə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə elanının Forması” təsdiq edilib.

Bu Qərarla birinci–beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə müsahibə elanının formasına dair vahid standartlar müəyyən edilir.

Həmin Qərara əsasən, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal 3 vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.