Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi və Azərbaycan dili (qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanları keçirib

Line Spacing+- AFont Size+- Çap
09.04.2017

Magistraturaya qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılıb.
İmtahanda iştirak etmək üçün 13081 bakalavr sənəd verib. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanaraq 15:30-da başa çatıb.

Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində 1 binada – 14 nömrəli tam orta məktəbdə keçirilib və hər 3 binada eyni vaxtda – saat 13:00-da başlanaraq 15:30-da başa çatıb. İmtahanda iştirak etmək üçün 1077 namizəd sənəd verib.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda 13:00-da başlanıb və 45 dəqiqə müddətində davam edib. İmtahanda iştirak etmək üçün 6151 abituriyent qeydiyyatdan keçib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərmiş, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanmış və imtahan prosesinin gedişinə nəzarət olunmuşdur.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılmışdır.

Aprelin 10-dan başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə DİM-in internet saytında tanış ola biləcəklər.