Magistraturaya qəbul olmaq üçün 68, 69 və 70 saylı proqramları seçən bakalavrların nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
08.05.2017

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar 2017/2018‑ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verəcəklər.

Bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2017-ci il mayın 4‑dən 22-dək keçirilən proqram seçimi zamanı Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytının müvafiq səhifəsinə daxil olaraq müvafiq proqramı seçməlidirlər. Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50 və 53 saylı proqramları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar 2017-ci il iyunun 4-də magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə 6 – 7 iyun 2017-ci il tarixlərində DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 8 – 10 iyun 2017-ci il tarixlərində vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.