Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı

Line Spacing+- AFont Size+- Çap
06.07.2017

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.

Nəticələr 06 iyul saat 18:30-dan etibarən Mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 655 namizəddən 3 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 652 namizəddən 510 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 90 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 171 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 7‑dən 14‑dək aparılacaqdır. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilmişdir.

Bu nömrədə, həmçinin 2016-cı ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunmuşdur.