Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Təsviri sənət” istiqamətli ixtisasları üzrə elmi-metodiki seminar

Line Spacing+- AFont Size+- Çap
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Təsviri sənət” istiqamətli ixtisasları üzrə elmi-metodiki seminar
30.11.2015
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci il noyabrın 30-da 2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində ali təhsil müəssisələrinin “Dekorativ sənət”, “Heykəltəraşlıq”, “Qrafika”, “Rəngkarlıq”, “Dizayn (V qrup)”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə elmi-metodiki seminar keçirmişdir.

Seminarda bu ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətini təmsil edən nümayəndələr ştirak etmişlər.

Tədbirin gedişini canlı internet bağlantısı vasitəsilə TQDK-nın Naxçıvan Regional Bölməsinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin nümayəndələri, həmçinin TQDK-nın Gəncə Regional Bölməsinin əməkdaşları və Gəncə Dövlət Universitetinin nümayəndələri də izləmişlər.

Seminarda aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Qabiliyyət imtahanlarından əvvəl keçirilən seçmə turların daha səmərəli təşkili;
2. Qabiliyyət imtahanlarının mövcud proqramlarının və qiymətləndirmə meyarlarının təsdiq edilməsi.

 İclası giriş sözü ilə açan TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri N.Əliyev müzakirə ediləcək məsələləri iştirakçıların nəzərinə çatdırmışdır. O, müzakirə ediləcək məsələlər haqqında TQDK-nın təkliflərini açıqlamış və bu barədə tədbir iştirakçılarını fikirlərini bildirməyə dəvət etmişdir. Tədbir iştirakçıları müzakirələrdə çıxış edərək öz fikir və təkliflərini bildirmişlər.

Ali təhsil müəssisələrinin “Dekorativ sənət”, “Heykəltəraşlıq”, “Qrafika”, “Rəngkarlıq”, “Dizayn (V qrup)”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə qəbul proqramları və qiymətləndirmə meyarları elmi-metodiki seminarda müzakirələrdən sonra təsdiq edilmişdir. Həmin proqramlar və qiymətləndirmə meyarları TQDK tərəfindən nəşr ediləcək “Təsviri sənət” adlı vəsaitdə veriləcəkdir.