Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Memarlıq və dizayn” istiqamətli ixtisasları üzrə elmi-metodiki seminar

Line Spacing+- AFont Size+- Çap
02.12.2015
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci il dekabrın 1-də 2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində ali təhsil müəssisələrinin “Memarlıq”, “Dizayn” (Iqrup) və orta ixtisas təhsili müəssisələrinin “Dizayn” ixtisasları üzrə elmi-metodiki seminar keçirmişdir. Seminarda bu ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin professor-müəllim heyətini təmsil edən nümayəndələr iştirak etmişlər. Tədbirə canlı internet bağlantısı vasitəsilə TQDK-nın Naxçıvan Regional Bölməsinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin nümayəndələri, həmçinin TQDK-nın Gəncə Regional Bölməsinin əməkdaşları və Azərbaycan Texnologiya Universitetinin nümayəndələri də qoşulmuşlar.

İclası giriş sözü ilə açan TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri N.Əliyev qabiliyyət imtahanlarının və seçmə turların daha səmərəli təşkili üçün TQDK-nın təkliflərini iştirakçıların nəzərinə çatdırmışdır. O, qabiliyyət imtahanlarının proqramlarının və qiymətləndirmə meyarlarının müzakirə olunaraq təsdiq edilməli olduğunu qeyd etmişdir.

Tədbir iştirakçıları müzakirələrdə yaxından iştirak edərək öz fikir və təkliflərini bildirmişlər.
Ali təhsil müəssisələrinin “Memarlıq”, “Dizayn” (I qrup), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “Dizayn” ixtisasları üzrə qəbul proqramları və qiymətləndirmə meyarları elmi-metodiki seminarda müzakirələrdən sonra təsdiq edilmişdir. Həmin proqramlar və qiymətləndirmə meyarları TQDK tərəfindən nəşr ediləcək vəsaitlərdə veriləcəkdir.