Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Təsviri sənət” istiqamətli ixtisasları üzrə elmi-metodiki seminar

Line Spacing+- AFont Size+- Çap
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Təsviri sənət” istiqamətli ixtisasları üzrə elmi-metodiki seminar
03.12.2015
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci il dekabrın 3-də 2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində orta ixtisas təhsili müəssisələrinin “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “Heykəltəraşlıq”, “Qrafika”, “Rəngkarlıq”, “Dizayn”, “Rəssamlıq”, “Teatr dekor sənəti”, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi”, “Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə elmi-metodiki seminar keçirmişdir.

Seminarda bu ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin müəllim heyətini təmsil edən nümayəndələr iştirak etmişlər. Tədbirə canlı internet bağlantısı vasitəsilə TQDK-nın Gəncə, Şəki, Lənkəran, Ağcabədi, Şirvan, Göyçay Regional Bölmələrinin əməkdaşları da qoşulmuşlar.

Seminarda aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanlarından əvvəl keçirilən seçmə turların daha səmərəli təşkili;

2. tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət imtahanlarının mövcud proqramlarının və qiymətləndirmə meyarlarının təsdiq edilməsi;

3. ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə keçirilən seçmə turların təkmilləşdirilməsi və seçmə tur proqramlarının təsdiq edilməsi.

İclası giriş sözü ilə açan TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev müzakirə ediləcək məsələləri tədbiriştirakçılarının nəzərinə çatdırmış, bu məsələlər haqqında TQDK-nın təkliflərini açıqlamış və iştirakçılarıbu barədə fikirlərini bildirməyə dəvət etmişdir. 
Tədbir iştirakçıları müzakirələrdə çıxış edərək öz fikir və təkliflərini bildirmişlər. İclasda yekun olaraq qərara alınmışdır ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə keçirilən seçmə turlarda abituriyentlərdən əl işlərini təqdim etmək tələb olunmasın.

Elmi-metodiki seminarda müzakirələrdən sonra tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “Heykəltəraşlıq”, “Qrafika”, “Rəngkarlıq”, “Dizayn”, “Rəssamlıq”, “Teatr dekor sənəti”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə qabiliyyət imtahanlarının proqramları və qiymətləndirmə meyarları təsdiq edilmişdir.

Seminarda eyni zamanda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “Heykəltəraşlıq”, “Qrafika”, “Rəngkarlıq”, “Dizayn”, “Rəssamlıq”, “Teatr dekor sənəti”, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi”, “Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə seçmə turun proqramları və qiymətləndirmə meyarları təsdiq edilmişdir.

Bu proqramlar və meyarlar TQDK tərəfindən nəşr ediləcək “Təsvirisənət” vəsaitində veriləcəkdir.