Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
08.07.2017

2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb. Abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş linkdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün cari ilin məzunlarının buraxılış (əvvəlki illərin məzunları üçün 05 iyul qəbul imtahanı, I ixtisas qrup üçün 7 mayda keçirilmiş və 22 iyulda keçiriləcək qəbul imtahanı) imtahanında topladığı balları DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qeydiyyatdan keçdikdən sonra qabiliyyət imtahanlarında iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən “Memarlıq” və V qrup ixtisasları, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat iyulun 8-dən 18-dək aparılacaqdır.

Qeydiyyatdan keçən zaman abituriyentlər (40 və 77-ci komissiyalar üzrə 22 iyulda qəbul imtahanı verəcək abituriyentlər istisna olmaqla) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. 40 və 77-ci komissiyalar üzrə qeydiyyatdan keçib iyulun 22-də qəbul imtahanı verəcək abituriyentlər, “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra çap edə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar “Abituriyent” jurnalının 2017-ci ildə nəşr edilmiş 2-ci sayında verilmişdir.

Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən “Memarlıq” , V ixtisas qrupu (Bakı Musiqi Akademiyasının ixtisasları istisna olmaqla) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları 25 iyul-03 avqust tarixlərində keçiriləcəkdir.

Bakı Musiqi Akademiyasının xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları 19-26 iyul tarixlərində keçiriləcəkdir.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları isə 19-23 iyul tarixlərində keçiriləcəkdir.